MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

“Prezidentin təşəbbüsü yeni inqilabi dəyişikliklərə səbəb olacaq” - Kamal Cəfərov

12:43 21.10.2022



Bu gün Milli Məclisin plenar iclasında deputat Kamal Cəfərov 18 qanun layihəsini məruzə edib. 

“Qafqazinfo” xəbər verir ki, o, qanun layihələrinin Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planının 4.2-ci bəndinə əsasən hazırlandığını qeyd edib.  

O vurğulayıb ki, bəndin əsas mahiyyəti və cari vəziyyət ondan ibarətdir ki, vətəndaşlar dövlət xidmətlərini alarkən onlardan qanunvericiliklə müəyyən edilmiş sənəd və ya məlumatlar tələb olunur: “Ancaq həmin tələb olunan sənəd və ya məlumatların əksəriyyəti hazırda Elektron Hökumət İnformasiya Sistemində mövcuddur. Elektron formada mövcud olmasına baxmayaraq, həmin sənəd və ya məlumatın kağız formasında tələb olunması vaxt və resurs itkisinə səbəb olur.

Bu problemin əsas səbəbi isə qarşılıqlı elektron sənəd dövriyyəsi prinsipinin sahəvi normativ hüquqi aktlarda təsbit edilməməsidir. İndi isə Azərbaycan Prezidenti cənab İlham Əliyev dövlət xidmətlərinin göstərilməsinə səmərəliliyin artırılması, vaxt və resurs itkisinin qarşısının alınması, o cümlədən vətəndaş məmnunluğunun artırılması məqsədilə bu qanun layihələrini müzakirəmizə təqdim edib”.  

Deputat vurğulayıb ki, qanun layihələrinin əsas məqsədi isə şəxsiyyət vəsiqəsi, xarici pasport, sürücülük vəsiqəsinin verilməsi, yaşayış yeri haqqında arayışın verilməsi, tikintiyə icazə verilməsi, tikinti obyektinin istimarına icazə verilməsi və müxtəlif dövlət xidmətlərinin göstərilməsi üçün tələb olunan sənədlər və ya məlumatlar müvafiq xidməti xidməti göstərən dövlət orqanının özü tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə ediləcək: “Yəni bir dövlət orqanı vətəndaşa xidmət göstərmək üçün tələb olunan sənədləri özü Elektron Hökumət İnformasiya Sistemindən götürəcək. Əgər dövlət orqanının həmin məlumat və ya sənədə birbaşa çıxışı yoxdursa, vətəndaşın razılığı ilə sorğu əsasında digər dövlət qurumundan özü əldə edəcək”.  

Kamal Cəfərov qeyd edib ki, bu qanun layihələri dövlət xidmətlərinin göstərilməsində həyata keçirilmiş islahatların davamlığını və tamlığını təmin edəcək: “Bu qanun layihələri elektron hökumət infrastrukturunda göstərilən xidmətlərin Azərbaycan brendi olan ASAN Xidmət konsepsiyasına uyğunlaşdırılmasıdır və ASAN 2 konsepsiyasının mühüm komponentidir. Prezidentin təşəbbüsü vətəndaşlara göstərilən dövlət xidmətləri sahəsində yeni inqilabi dəyişikliklərə səbəb olacaq”.

 

 

 

Məqaləni dərc edən xəbər saytları:

1. https://qafqazinfo.az/news/detail/prezidentin-tesebbusu-yeni-inqilabi-deyisikliklere-sebeb-olacaq-kamal-ceferov-379794